Главная > Mədəniyyət > XOŞBƏXT CÜTLÜK

XOŞBƏXT CÜTLÜK


22-07-2019, 20:08. Разместил: dovletxeberleri.az
XOŞBƏXT CÜTLÜKXOŞBƏXT CÜTLÜK

Çoxdan idi ki, rəfiqəm Sitarəni görmürdüm. Bu gün təsadüfən onunla marketdə rastlaşdım. Qısaca hal-əhval tutduq, sözləşdik ki, axşam əriynnən bizə gəlsin. Vaxtımız onda bol olacaq və biz əməlli-başlı rahat oturub dərləşərik.
Biləcəksiniz ki, bu görüş və axşam gələcək müsafirlərimlə söhbət əsnasında eşitdiklərm mənim üçün çox əhəmiyyətli oldu. İnanıram ki, bir çox insanlar üçün də, bu çox əhəmiyyətli olacaq və bəlkə də həyatlarını dəyişəcək, onu yenidən yaşamağa, xoşbəxtliyin əsil mahiyyətini anlamalarına bir qapı açacaqdır.
Vədələşdiyimiz vaxt yetişəndə qapı döyüldü. Açdım. Sitarə və əri Səxavət əlində tutduğu bir dəstə çiçəklə mənə baxıb gülümsünürdülər. Onları sevincək içəri dəvət etdim. Çiçəklərə görə təşəkkürümü də unutmadım. Süfrəm artıq hazır idi. Əyləşdik. Təamlardan dada-dada şirin-şirin söhbətə başladıq. Yaxın-uzaq illərin xatirələri çözələndi... Lakin mənim üçün ən vacib və əhəmiyyətli olan bir epizodu qısa şəkildə yazmaq istəyirəm.
Mətbəxə keçib, çay tədarükünə başladım. Sitarə də arxamca gəldi. Çiynimi qucaqlayıb, ürəkdən gələn bir sevinc hissi ilə dedi:
- Nə yaxşı göbələk bişirmişdin. Nə bildin ki, biz göbələk sevənik. Xüsusən də, Səxavətin ürəyi gedir də göbələk üçün.
- Bilmirəm... Tez-tez bişirirəm göbələk.
- Canım, sənə bir söz deyim? – Sitarə pıqqıltı ilə sakitcə güldü.
- De gəlsin.
- Səxavətə gündə göbələk bişir ver, doydum deməz. Hər vaxt alıb bişirmək də olmur axı! Bilirsən neyləyirəm? Çəmini tapmışam. Badımcan! Badımcanı elə qızardıram ki, göbələk dadı verir. Bişirib qoyuram qarşısına, vallahi bir bəh-bəhlə yeyir ki. Elə bilir ki, göbələkdir.
- İnanmıram. Yəni badımcan bu qədər göbələk dadı verə bilər?
- Vallah düz deyirəm. Hələ çox vaxt soruşuram ki, necə bişirmişdim göbələyi? Deyir ki, əla!
- Afərin sənə. Bu qaydanı mənə də öyrədərsən.
Sitarə sevincək dedi:
- Gözüm üstə, canım. Yazıb verərəm sənə.
Biz otağa keçəndə Səxavətin bığaltı gülümsəməsi nəzərimdən qaçmadı. Anladım ki, Sitarının dediklərini eşidib. Ürəklənib ondan soruşdum:
- Səxavət qardaş, necə idi, göbələk bişməsi?
- Lap əla. Çox daddlı idi. Əsil göbələk dadırdı.
Bu zaman Sitarə ərinə sarı boylanıb təəccüblə soruşdu :
- Bəyəm, mən bişirdiyim, əsil göbələk dadmır ki? Sən ki, həmişə tərifləyə-tərifləyə yeyirsən. İndi məni niyə belə utandırırsan?
Səxavət əliyini Sitarənin çiyninə qoyub dedi:
- Allah eləməsin, gülüm mənim. Heç elə şey olar? Məndən belə mədəniyyətsizlik gözləyirsən?
Sitarənin qaşları düyünlənsə də, gülümsəyərək dedi:
- Əlbəttə yox!
- Bəs, onda xətrinə niyə dəyir ki?
- Dəymir... – deyə, o dodaqlarını büzdü.
- Hər şey qaydasındadır. Narahat olma, əzizim. Sadəcə mətbəxdə dediklərini qulağım çaldı.
- A.... Eşidirdin?
Səxavət başını yellədi. Böyük bir məhəbbətlə arvadına baxıb dedi:
- Sən təki ömrümün axırınacan badımcanı elə bişirəsən ki, göbələk dadsın, əzizim. Mən bunu bilirdim.
- Bilirdin? Bəs, niyə bir dəfə də olsun üzümə gəlməmisən?
- Nə deyim axı? Sən, o badımcanı bişirərkən nə qədər əziyyət çəkirsən. Bu zəhməti yerə vurmağa haqqım çatmaz, həyatım.
Sitarənin yanaqları allanmışdı. Çox utandığı hiss olunurdu. O sıxıla-sıxıla soruşdu:
- Səxavət bir şey soruşum?
- - Soruş.
- Nə zamandan bilirdin?
- Elə ilk dəfədən, əzizim, elə ilk dəfədən.
Mən qarşımda əyləşən, artıq neçə illərin cütlüyünə, üç övlad sahibi olan bu insanlara baxdıqca heyran qalmışdım. Onlar nə qədər xoşbəxt idilər. Bunu anlamaq çətin deyildi.
Esmira ŞÜKÜROVA.
Вернуться назад