Главная > Mədəniyyət > Ruzbeh Məmməd.

Ruzbeh Məmməd.


4-03-2019, 19:48. Разместил: dovletxeberleri.az
Ruzbeh Məmməd.
***
Elə bildik bu yağışlar kəsəcək
Quruyacaq pəncərəmiz yağışdan
Ağacların yarpaqların küləklər
Dağıdacaq budaqların başından...
Yellənəcək zivədəki paltarlar
Pəncərəni külək vurub qıracaq
Bir pişik də tullanacaq eyvana
Bir it də ki, boynun burub duracaq
Bu səs küyə ayılacaq qonşular
Bir dul qarı keçinəcək əsəbdən
Qışqıracaq bu it-pişik səsləri,
kilsə zəngi qoymur yataq səhərdən
Hamı bir-bir başın salıb içəri
Pəncərədən seyr edəcək yağışı
Ay çıxacaq buludların evindən
Diksinəcək ulduzların ışığı
Deyəcəklər bu yağışlar kəsəcək
Quruyacaq pəncərəmiz yağışdan...


***
Elə yox kimiyik, yoxuq...
Yarı acıq, yarı toxuq.
Allah təkdi, biz də çoxuq
Düşmüşük üzü üstünə...
Əcəl çatıb ölməmişik
Bəlkə ölüb bilməmişik
Başımızı söykəmişik
Namərdin dizi üstünə
Eh qalmayıb canda dözüm
dözüm yoxdu, daha dözüm
Nə yaxşı çıxmışam özüm
Zalımın sözü üstünə...

***
Bir də məndən uzaqda
ayaqların üşüsə,
qışda olan işdi də
elə də çox böyütmə
mən sənsiz üşüyürəm.

Birdən olar uzaqda
gördün qəfil darıxdın
uzaqda elə hamı
darıxar da, noolsun,
mən sənsiz darıxıram.

Birdən gördün küçəniz
səni ovutmur daha,
qızım, ümid eləmə,
gedən adamlar geri
bir də qayıtmır daha...

Bir də narahat olma
mən indi çox yaxşıyam.
Ayaqların üşüsə
lap belə pis darıxsan
götür ayaqlarını
gəl bizdə də üşüsün,
gəl bizdə də darıxsın.

***

Axşam olur, günəş batır şəhərdə
At oynadır küçədəki qaranlıq
Pəncərədən şəkil düşür otağa
Darıxıram evdə iki adamlıq...

Qonşu arvad səs eləyir ərinə
Diksinirəm, ayılıram bu səsə
İndi məni qorxudur elə hər şey;
İndi məni üzür, qızım, hər nəsə...

Qarşıdan da payız gəlir üstəlik
Doğum günüm, ölüm günüm yaxındı.
Sən gedəli əlim yatmır heç nəyə
Heç kim ilə edəmmirəm yaxınlıq...

Onda sən də, balacaydın, uşaqdın
İndi necə böyüdümü əllərin
İndi necə böyüdümü əlcəyin

Yəqin indi məktub yaza bilirsən
Yəqin indi cümlələrin oxunur
Allah haqqı dediyin o sözlər heç;
Demədiyin sözlər mənə toxunur

Heç olmasa bu payızda xatırla,
Heç olmasa bir payızlıq xatırla
Hər şey, hər şey qoyduğundan betərdi
Sən gedəli, ölüm kimi həyatdı
Sən gedəli,
Sən gedəli darıxmalı həyatdı...

Ruzbeh Məmməd.
Вернуться назад