Главная > Gündəm > Deputat: “Festivalın ənənəvi hal almasına çalışmalıyıq”

Deputat: “Festivalın ənənəvi hal almasına çalışmalıyıq”


28-07-2019, 15:21. Разместил: dovletxeberleri.az
Deputat: “Festivalın ənənəvi hal almasına çalışmalıyıq”
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir. Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının tərəfdaşlığı ilə baş tutur. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, səfirlər, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Entospor Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb. İyulun 28-dək davam edəcək Milli Yaylaq Festivalı şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarət olacaq. Mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər – dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək.
Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq. Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq. Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılacaq. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar.
Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.

Millət vəkili Kamilə Əliyeva da belə bir Festivalın təşkili üçün onun təşkilatçılarına minnətdarlığını ifadə edib. Qeyd edib ki, belə festivallara ehtiyac var.
“Olduqca maraqlı bir festivaldır. Festival üçün Gədəbəy rayonunun da seçilməsi çox uğurludur. Çünki nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir. Gözəl, əsrarəngiz təbiətə malikdir. Gədəbəy həm də dünyada mis-qızıl yataqları ilə məşhurdur. Tarixdən də məlumdur ki, məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. Yəni, həm tarixilik, həm gözəllik, həm zənginlik baxımından Festival üçün məhz Gədəbəyin seçilməsi çox uğurlu variantdır. Hesab edirəm ki, bu Festival həm də ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin təbliği deməkdir. Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkan əldə edirlər. Bu, eyni zamanda turizmin inkişafı, ölkəmizə turist axının gücləndirilməsi üçün əlavə bir şans, imkandır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ etməli, bu Festivalın ənənəvi hal almasına çalışmalıyıq. Bütövlükdə burada olduğum müddətdə özümü çox rahat, çox gümrah, çox xoş əhval-ruhiyyədə hiss etdim, bir sözlə, unudulmayacaq anlardır”.
Вернуться назад