
Dilqəm Əsgərovun oğlu: “Rusiyanın qarşısına şərt qoymaq lazımdır ki...”
Yəhudi əsilli blogger Aleksandr Lapşinin həbsi və Bakıya ekstradisiyasından sonra Ermənistanın işğalçı ordusu tərəfindən girov götürülən azərbaycanlıların azad olunmasına şans yarandığını düşünənlər artıb.
Bir sıra ekspertlər hesab edir ki, Dağlıq Qarabağdakı separatçı rejimin əlində olan həmvətənlərimizin xilası üçün Lapşin faktorundan istifadə etmək olar. Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. Qondarma məhkəmənin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Erməni girovluğunda olan D.Əsgərov Rusiya vətəndaşıdır. Bu mənada Rusiyanın Lapşinlə müqayisədə D.Əsgərova fərqli münasibət göstərməsi də suallar doğurur. Ancaq hesab olunur ki, məsələni Moskva ilə müzakirə etmək, girovların azadlığına nail olmaq üçün unikal şans yaranıb.
“Hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, uzun müddətdir ki, erməni girovluğundadır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmək üçün getmişdilər. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, Kreml bununla bağlı səsini çıxarmır. Rusiya Ermənistandan tələb etmir ki, Qarabağa getməyə görə, adamı həbs etməzlər. Lakin Rusiya blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına etiraz edir”.
Bunu modern.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və rəsmi Bakının razılığı olmadan işğal altındakı torpaqlarımıza səfər edib. Q. Həsənquliyev hesab edir ki, bu baxımdan, Rusiyanın Lapşinə görə Azərbaycana təzyiq etmək cəhdi əsassız və mənasızdır. Partiya sədri onu da qeyd edib ki, Lapşin Azərbaycanın istintaq orqanlarına öz təqsirini etiraf edərsə, bu halda məhkəmə ona daha yüngül cəza verə bilər.
Deputat, bununla belə, vurğulayıb ki, Lapşin Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə ilə dəyişdirilməlidir.
“Azərbaycan üçün daha faydalı olardı ki, Lapşini sonda erməni girovluğunda olan 3 vətəndaşımızla dəyişərdi. Lapşinin həmin girovlarla dəyişdirilməsi daha məqsədəuyğun olardı. Düşünürəm ki, bu istiqamətdə diplomatik danışıqlar aparılacaq”,-deyə Q. Həsənquliyev söyləyib.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında səslənən təklifi müdafiə etdi: “3 ilə yaxındır ki, atam Dilqəm Əsgərov qanunsuz olaraq Kəlbəcərdə girov götürülüb və qanunsuz məhkəmənin qərarı ilə 86 il və ömürlük həbsə məhkum edilib. Rusiya başda olmaqla, bir çox xarici dövlətlər və beynəlxalq təşkilatlar bu haqsızlığa göz yumublar. İndi isə Lapşinin müdafiəsinə qalxmaqla bağlı fikirlərini söyləyirlər. Əsl cinayətkar Lapşindir. Mən elə fikirləşirəm ki, ona layiq olduğu cəzani verib, atama 3 il ərzində verilən işgəncələrin Lapşinə 3 gün ərzində verilməsini istəyirəm”. K.Əsgərov deyir ki, Rusiya başda olmaqla, bir sıra ölkələr əvvəl-axır Lapşinin azadlığını tələb edəcəklər: “Rusiyanın qarşısına şərt qoymaq lazımdır ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevi siz ermənilərdən alın, biz də Lapşini sizə verək!”