Главная > Diqqət Mərkəzi / Banner > Məmur biznesinə son qoyulur? - “Dövlət başçısı bu məsələdə israrlıdır”

Məmur biznesinə son qoyulur? - “Dövlət başçısı bu məsələdə israrlıdır”


28-10-2019, 12:04. Разместил: dovletxeberleri.az
Məmur biznesinə son qoyulur? - “Dövlət başçısı bu məsələdə israrlıdır”
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilk müsahibəsilə Azərbaycanda iqtisadi inkişafa mane olan amillərin aradan qaldırılacağının, məmur biznesinə son qoyulacağının anonslarını verib.



Nazir qeyd edib ki, mövcud iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlər qalmaqdadır:



“Bu, özünü müxtəlif amillərdə büruzə verir - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir".



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Preziden İlham Əliyevin bununla bağlı yeni nazirin qarşısında tapşırıqları var:



“Ölkə başçısı keçirdiyi müşavirələrdə, yeni nazirlərin təyinatı zamanı da məmur biznesilə bağlı məsələyə toxundu. O, konkret olaraq dedi ki, məmur və biznes söhbətinə birdəfəlik son qoymaq lazımdır. Ona görə də yeni İqtisadiyyat naziri təyin olunanda bu məsələlər onun da diqqətinə çatdırıldı. Birdəfəlik qəbul edilməlidir ki, əgər sən məmursansa, bizneslə məşğul ola bilməzsən. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, get biznesinlə məşğul ol. Yox, məmur işləmək istəyirsənsə, biznesdən əl çək”.



Deputat deyib ki, bunun üçün bir neçə məsələdə köklü dəyişiklik edilməlidir:



“İlkin olaraq “Maliyyə amnistiyası” verilməlidir. Bu məsələni birdəfəlik qurtarmalıyıq. Kimlərsə əyri, ya düz yolla qazanıb, fərq qoymadan o vəsaitlərin Azərbaycana gətirilməsini təmin etmək lazımdır. Həmin vəsaitlər hesabına ölkəyə investisiya qoyulmalıdır, zavod, fabriklər tikilməlidir, sosial layihələr həyata keçirilməlidir və s. Qanun qəbul olunmalıdır ki, sözügedən vəsait narkobiznesdə, cinayətkarlıqda istifadə edilməsin.

İkincisi, mütləq şəkildə “Gəlir deklorasiyası haqqında” qanun işlək hala gətirilməlidir. İllər əvvəl qəbul edilmiş qanunun icrasına heç olmasa gələn ildən başlanılmalıdır. Məmurlar da, millət vəkilləri də gəlir dekolorasiyası verməlidirlər. İl ərzində qazandıqları barədə məlumat verməlidirlər.

Üçüncü əsas məsələ “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbuludur. Biz bazarda azad rəqabətin formalaşmasını təmin etməliyik. Bazar iqtisadiyyatı şəraitində hər şey insanlar üçün əlçatan olmalıdır. Bazarda kiməsə digərlərinə nisbətən üstünlük verilə bilməz”.



Parlamentari Mikayıl Cabbarovun çıxışında da bu məqamların yer aldığını vurğulayıb:

“Nazirin çıxışından bəlli olur ki, sadalanan məsələlərlə bağlı qərarlar qəbul ediləcək”.



V.Əhmədov sadalanan qanunların qəbul olunmasının gecikdirilmə səbəbini də açıqlayıb:



“Parlament tərəfindən bütün işlər icra olunub. Bizə daxil olan layihələr istər komitə iclaslarında, istərsə də plenar iclaslarda müzakirə olunur, səsə qoyulur, müəyyən hissələrdə düzəlişlər edilir, razılaşdırılır və s. Bizim tərəfimizdən heç bir narahatlıq yoxdur. O insanlar ki, bu gün vəzifədə oturublar, həm də bizneslə məşğuldurlar, onlara belə qanunlar sərf eləmir. Onlar daha çox vəsait əldə etmək üçün belə qanunları maneə kimi görür və qəbulunu vacib saymırlar. Amma görünən odur ki, dövlət başçısı bu məsələlərin birdəfəlik həlli üçün öz siyasi iradəsini ortaya qoyub, konkret olaraq göstərişlərini verib. 15 oktybardan sonra gedən proses onu göstərir ki, dövlət başçısı bu məsələlərdə israrlıdır”.


Вернуться назад