Главная > Cəmiyyət > Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir

Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir


3-09-2019, 10:05. Разместил: dovletxeberleri.az
Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədirAzərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.

Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.

Ümummilli liderimizin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”. Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Ulu öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulmuş, özəl sektor yaradılmış, respublikaya böyük xarici sərmayələr cəlb edilmiş, sahibkarlıq üçün geniş imkanlar açılmış, sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsullar istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik”.

Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”.

Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: “Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır”. Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: “...bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz”.

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır”. Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Hələ sovet dövründə öz prinsipiallığı və neqativ hallarla barışmazlığı ilə tanınmış Heydər Əliyev yaxşı bilirdi ki, sahibkarlığın genişlənməsində, ümumiyyətlə, cəmiyyətin inkişafında ən böyük bəlalardan biri korrupsiya hallarıdır. Buna görə də korrupsiyanın kökünün kəsilməsini, buna imkan yaradan səbəblərin aradan qaldırılmasını, ən başlıcası, bütün sahələrdə şəffaflığın təmin edilməsini ön plana çəkirdi. Heydər Əliyev bunu real surətdə həyata keçirmək üçün ilk növbədə hüquqi bazanın və işlək mexanizmlərin yaradılmasını təmin etmişdi, bu mexanizm və strukturların səmərəli fəaliyyət göstərməsinə ciddi nəzarət edirdi. Məhz onun təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun şəffaf fəaliyyəti buna əyani misaldır. Həmin prinsiplərin və ənənələrin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz. Azərbaycan Prezidenti bu məsələləri daim nəzarətdə saxlamaqla yanaşı, korrupsiyanın və bürokratiyanın aradan qaldırılmasının daha müasir vasitələrindən istifadə edir. Bu vasitələr ilk növbədə elektron hökumətin yaradılmasına yönəldilmiş tədbirlərdir. Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində müəyyən etdiyi strategiyaya uyğun olaraq bu sahəni ən müasir səviyyəyə qaldırmaqla məmur-vətəndaş təmaslarının get-gedə azaldılmasını, bilavasitə əhalini narahat edən belə təmasların elektron formada həyata keçirilməsini təmin edir.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
Вернуться назад