Dovletxeberleri.Az
» » Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi

10-12-2018, 15:28Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi

Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idiAzərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Xalqımız müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir.

Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri, Azərbaycanın yüksəlişi və tərəqqisini təmin edən misilsiz işləri ilə bağlı suallarımızı Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə cavablandırır. Qeyd edək ki, Əhməd Əhmədzadə Ümummilli lider Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində etimad göstərdiyi şəxslərdən biri olmuşdur. Əhməd Əhmədzadə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində, o cümlədən dahi rəhbərin 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra da müxtəlif vəzifələrdə, daha dəqiq desək, həm Qax, həm də Abşeron rayonlarında Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, həmçinin Füzuli rayon Partiya Komitəsinin I katibi olaraq çalışmışdır. Müstəqillik illərində isə Ümummilli liderin etimadı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri vəzifəsində çalışmış Əhməd Əhmədzadə müsahibəsində Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələri və təəssüratlarını bölüşüb.

- Əhməd müəllim, 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Xalqımız müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Sizin Ulu öndərlə bağlı xatirələriniz nədən ibarətdir, Onunla ilk görüşünüzü necə xatırlayırsınız?

- Ümummilli lider Heydər Əliyevlə ilk görüşüm 1975-ci il iyun ayında olub. Həmin vaxt Qax rayonunda Suvarma Sistemleri İdarəsinin rəisi vəzifəsində çalışırdım, eyni zamanda, rayon partiya komitəsinin büro üzvüydüm. Bəhs etdiyim tarixdə Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin qəbulunda oldum, təxminən 15 dəqiqə ərzində söhbətimiz oldu. Dahi rəhbər mənə rayonun təsərrüfat həyatı və inkişafı barədə, bu istiqamətdə perspektivlə bağlı müəyyən suallar ünvanladı. Sonra mənim Qax rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə namizədliyimi vermək istədiyini qeyd etdi. Mən bunun olduqca məsuliyyətli və çətin vəzifə olduğunu amma etimadı doğrultmağa çalışacağımı qeyd etdim. Ulu öndər Heydər Əliyev söhbət əsnasında gənc kadrlara xüsusi diqqət göstərdiyini, onları müxtəlif vəzifələrə irəli çəkərək etimad göstərdiyini diqqətə çatdırdı və mənə "işində məsuliyyətli, ən əsası, maddi və mənəvi baxımdan təmiz ol" tövsiyəsini verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyev ilə ilk görüşümüz məhz bu cür oldu.

- Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Heydər Əliyevin SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinin məzunlarına münasibət necə idi. Həmin məzunlardan biri kimi bu münasibəti öz nümunənizdə necə xatırlayırsınız?

- Bilirsiniz ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq respublikamıza rəhbərlik etdiyi dövrdə müxtəlif sahələrin inkişafını təmin edən misilsiz işlər görməklə yanaşı, kadr hazırlığı məsələsini də daim diqqət mərkəzində saxlayırdı. Bu mənada, Ulu öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi xüsusilə qeyd edilməlidir. Bu, dahi rəhbərin milli təəssübkeşliyinin ifadəsi olmaqla yanaşı, Onun uzaqgörənliyini göstərirdi. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı.

Ulu öndər Heydər Əliyevin təhsil almaq üçün xaricə göndərdiyi şəxslər sırasında mən də var idim. 1976-1978-ci illər ərzində Moskvada İctimai Elmlər Akademiyasında təhsil aldıqdan sonra Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildim. Həmin vaxt Heydər Əliyev xaricdə, daha dəqiq desəm, Bolqarıstanda səfərdə idi. Ona görə də təyinatdan əvvəl Onunla görüşmək imkanımız olmadı. Beləliklə, bəhs etdiyim vəzifəyə təyin edildikdən sonra fəaliyyətə başlamaq üçün Abşeron rayonuna yola düşdüm. Əlbəttə, bilirdim ki, bu vəzifədə də qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün məsuliyyətlə çalışmaq, dahi rəhbərin etimadını doğrultmaq lazımdır. Məhz Onun tövsiyə və tapşırıqlarını məsuliyyətlə və layiqincə icra etməklə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətimi davam etdirdim.

Ulu öndər Heydər Əliyev kadr seçiminə daim xüsusi diqqətlə yanaşır və kadrlarına Öz dəstəyini əsirgəmirdi. Bu, şübhəsiz ki, şəxslər qarşısında böyük məsuliyyət hissi yaratmaqla yanaşı, onların öz vəzifələrini layiqincə yerinə yetirməsini təmin edirdi

Həmin dövrdə də Ümummilli lider Heydər Əliyev ilə görüşlərdə iştirak etmişəm. Bu dönəm ilə əlaqədar bir məqamı diqqətə çatdırmaq istərdim. Belə ki, 1980-ci ilin dekabrında yenidən Mərkəzi Komitəyə dəvət olundum. Bu dəfə Ulu öndər Heydər Əliyev tərəfindən Füzuli rayon Partiya Komitəsinin I katibi vəzifəsinə tövsiyə olunmuşdum. Doğrudur, həmin vaxt bu vəzifədə necə çalışacağımla bağlı özülüyümdə suallarım var idi, çünki əvvəllər Füzulidə heç vaxt olmamışdım və rayonun yerli xüsusiyyətlərinə bələd deyildim. Həmin vaxt 2 dəfə Heydər Əliyevin qəbulunda oldum, bu barədə fikirlərimi dahi rəhbərin diqqətinə çatdırdım. Ulu öndər isə mənə etimad göstərdiyini, məsuliyyət hissimi yüksək qiymətləndirdiyini bildirərək bu vəzifənin öhdəsindən gələ biləcəyimi söylədi. Bu, mənim üçün böyük etimad olmaqla yanaşı, həm də xüsusi stimul idi. Ümummilli lider ilk görüşdə verdiyi nəsihətləri təkrar nəzərə çatdırdı.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev kadr seçiminə daim xüsusi diqqətlə yanaşır və kadrlarına Öz dəstəyini əsirgəmirdi. Bu, şübhəsiz ki, şəxslər qarşısında böyük məsuliyyət hissi yaratmaqla yanaşı, onların öz vəzifələrini layiqincə yerinə yetirməsini təmin edirdi. Ulu öndərin mənə etimadı da mənim üçün həm böyük şərəf, həm də ciddi məsuliyyət idi, ona görə də öz fəaliyyətimdə bu etimadı doğrultmaq üçün var qüvvəmlə fəaliyyət göstərirdim.

1982-ci ilin iyulun 18-də Heydər Əliyev Füzuliyə gələrək üzümçülərin respublika müşavirəsini keçirdi. Müşavirədə Mərkəzi Komitənin Büro üzvləri, 45 rayonun rəhbər işçiləri və digər şəxslər iştirak edirdilər. Bununla yanaşı, rayonda kolxoz və sovxozların əhatəsində və fərqli məkanlarda əhali ilə görüşlər oldu. Ulu öndər Heydər Əliyev görüşlərdə çıxış etməklə yanaşı, insanların suallarını da ətraflı cavablandırdı, diqqətə çatdırılan müxtəlif məsələlərin yerində həlli üçün müvafiq tapşırıqlarını verdi. Təbii ki, dahi rəhbərin insanlarla bu cür səmimi şəkildə ünsiyyətdə olması, onları dinləyərək müvafiq tövsiyə, tapşırıq və göstərişlərini verməsi bizim üçün ayrıca bir məktəb idi. Görüşlərdə biz, həmçinin insanların Ümummilli lider Heydər Əliyevə necə rəğbətlə yanaşdıqlarını, Onun fəaliyyətini çox yüksək qiymətləndirdiklərini müşahidə edirdik. Bu, təsadüfi deyildi, çünki Ulu öndər Azərbaycan xalqının rifahı və firavanlığı üçün misilsiz işlər görmüşdü...

- Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı. Bu dövrdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələrlə bağlı fikirlərinizi bilmək istərdik...

- Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər – həyata keçirilən tədbirlər respublikamızın dirçəlişini və inkişafını, eləcə də əhalinin rifahının daha da yaxşılaşmasını təmin etdi, yeni perspektivlər yaratdı. Bilirsiniz ki, o vaxt SSRİ-nin tərkibində olan ayrı-ayrı respublikaların inkişaf göstəriciləri fərqli idi. Azərbaycan isə 1969-cu ilədək sənaye, kənd təsərrüfatı və digər strateji əhəmiyyətli sahələrdə nailiyyətlər əldə edə bilməmişdi, hətta respublikada ciddi tənəzzül müşahidə edilirdi. Yəni Azərbaycan İttifaq miqyasında sosial-iqtisadi göstəricilərə görə nəinki ön cərgədə qərarlaşa bilməmişdi, hətta olduqca geridə qalmış, sonuncu sıralarda qərarlaşmışdı. Belə olan halda, ayrı-ayrı sahələrin inkişafını və respublikanın tərəqqisini təmin edəcək konkret fəaliyyət planı və real işlər ortaya qoymaq lazım idi. Bunu etmək mümkün idi, çünki respublikamız geniş potensiala malik idi. Məhz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bu məqsədə nail olmaq, yəni Azərbaycanın inkişafı və yüksəlişini təmin etmək mümkün oldu. Təsadüfi deyil ki, qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, digər sahələrdə də çox əhəmiyyətli irəliləyişlər qeydə alındı. Ən əsası, aqrar sektorun inkişafını təmin edən, bu sahədə yeni perspektivlər yaradan mühüm işlər görüldü, əhəmiyyətli nəticələr əldə edildi. 1970-ci ildə Heydər Əliyev təşəbbüsü və səyləri ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar bu sahənin inkişafına xdmət edən mühüm vasitə oldu. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da böyük əhəmiyyətə malik idi. Kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirilməsi və istehsal olunan məhsulların orta illik həcminin mütəmadi olaraq atırılması böyük nailiyyət idi. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı.

Ümummilli lider Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İKP MK Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu, xalqımız və respublikamız üçün büyük nailiyyət idi. Ulu öndər bu dövrdə də misilsiz xidmətləri ilə ayrı-ayrı sahələrdə genişmiqyaslı işlər gördü, Azərbaycanın inkişafına, xalqımızın rifahının yaxşılaşmasına xidmət edən addımlar atıldı.

Əlbəttə, bütün bu nailiyyətlərin təməlini təşkil edən başlıca amil Ümummilli liderin Öz xalqının rifahı üçün böyük fədakarlıqlar nümayiş etdirərək yorulmaz və səmərəli fəaliyyət göstərməsi idi. Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi. Dahi şəxsiyyət, uzaqgörən lider olan Heydər Əliyev həm SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi zaman, həm də müstəqillik dövründə ölkəmizə rəhbərliyi dövründə öz həyatını doğma xalqına həsr edərək xalqa ləyaqətlə xidmət etmiş, Azərbaycanı inamla irəliyə aparırmışdı. Xalqımız Ümummilli liderin yüksək vətənpərvərlik hisslərini, Öz xalqına münasibətini, respublikamızın inkişafına xidmət edən gərgin fəaliyyətini, əvəzolunmaz işlərini, misilsiz xidmətlərini xüsusi qiymətləndirirdi. Bu gün də qədirbilən Azərbaycan xalqı Ulu öndərin mililsiz xidmətlərini çox yüksək qiymətləndirir, xalqımız Heydər Əliyevin xatirəsini öz qəlbində yaşadır.

- Bəs Ulu öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə su və meliorasiya təsərrüfatı sahəsində görülən işlərin əhəmiyyəti haqqında nə söyləmək olar?

- Əvvəla qeyd edim ki, Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatının inkişafını da xüsusi diqqət mərkəzində saxlayırdı. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi olub. Ulu öndər respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edirdi. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”,-deyən Ümummilli liderin tapşırıq və göstərişləri əsasında bu sahədə mühüm işlər görüldü, əhəmiyyətli uğurlara nail olundu. Bütövlükdə, 1969-1982-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə meliorasiya və su təsərrüfatında böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarından ibarət tutarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artıb. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfədən çox vəsait qoyulub, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları, hidroqovşaqlar ümumi su tutumu 3 milyard kubmetr olan su anbarları və s. tikilib istifadəyə verilib, meliorativ fondların həcmi 2 dəfədən çox artıb və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlib, suvarma əkinçiliyi özünü doğruldub, böyük səmərə verib.

Ulu öndər Heydər Əliyev İttifaq rəhbərliyindən olarkən də meliorasiya və su təsərrüfatı sahəsinə öz qayğısını əsirgəmir, bu sahədə işlərin gedişinə daim nəzarət edirdi. Həmin dövrdə Ümummilli liderin yaxından köməkliyi sayəsində respublika üçün son dərəcə vacib olan Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Naxçıvan MR-da Vayxır su anbarının, Şəmkir magistral kanalının və onlarla digər vacib obyektlərin tikintisi ilə əlaqədar məsələlərə baxılıb həll olunmuşdur.

- Müstəqillik dövründə bu sahədə nə kimi tədbirlər həyata keçirildi, hansı nəticələr əldə olundu?

- Müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı. Aqrar sahədə aparılan islahatlarla paralel olaraq meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə “Meliorasiya və İrriqasiya haqqında”, 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlar qəbul edildi. “Meliorasiya və İrriqasiya haqqında” qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin qəbul olunması mühüm əhəmiyyətə malik oldu. Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması və onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik olan bu iki qanun və onların əsasında qəbul olunmuş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatı sahəsində fəaliyyətin, su təsərrüfatının idarə olunmasının və su münasibətləri sahəsində islahatların əsas istiqamətlərini və prinsiplərini, habelə su təsərrüfatı obyektlərində mülkiyyət münasibətlərini müəyyənləşdirdi. O vaxt özəlləşdirmə proqramına meliorasiya obyektlərinin də özəlləşməsi məsələsinin daxil edilməsi müzakirə edilirdi. Bu barədə keçirilən iclaslardan birində meliorasiya obyektlərinin özəlləşməsi qadağan olunan obyektlərin siyahısına daxil edilməsinin məqsədəmüvafiq olduğunu Ümummilli lider Heydər Əliyevin diqqətinə çatdırdım və Ulu öndər bu təklifi dəstəklədi. Bütövlükdə, meliorasiya və su təsərrüfatı sahəsində görülən ardıcıl, məqsədyönlü işlər bu istiqamətdə əsaslı dönüşün yaranmasına səbəb oldu.

- Əhməd müəllim, müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır. Bugünkü reallıqları və perspektivi necə dəyərləndirirsiniz?

- Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən siyasət, aparılan islahatlar gələcək inkişafın fundamental bazasını, etibarlı təməlini yaradıb və bu gün biz bunun nəticələrini bütün sahələrdə aydın görürük. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirir, bu siyasət milli maraqlara, müasir tələblər və çağırışlara cavab verir, yeni müsbət reallıqların yaranmasını şərtləndirir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycan güclü – qüdrətli ölkəyə, ən əsası, regionun lider dövlətinə çevrilib. Son 15 ildə əldə edilən nailiyyətlərə, sosial-iqtisadi inkişaf sahəsində göstəricilərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan çox böyük bir yol qət edib və bu gün də yeni zirvələr fəth edir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bütün sahələrdə dərin islahatlar həyata keçirilir. Müxtəlif proqramların, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Son 15 ildə meliorasiya və su təsərrüfatı sahəsində də çox mühüm işlər görülüb, meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər istiqamətlərdə müvafiq tədbirlər həyata keçirilib.

Nəticə etibarilə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə davamlı nailiyyətlər əldə edir. Azərbaycan xalqı bu reallıqları çox yüksək qiymətləndirərək Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Əminliklə söyləmək olar ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycan yeni möhtəşəm uğurlar qazanacaq və güclü, qüdrətli dövlət kimi öz inkişafını uğurla davam etdirəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?